- 474
Mark Zuckerberg Instagram və WhatsApp-ı satacaq?
Amerikada texnologiya sektorunu silkələyə biləcək böyük bir hüquqi proses start götürdü. Meta şirkətinə qarşı ABŞ Federal Ticarət Komissiyası (FTC) tərəfindən açılmış antitrest (rəqabətə zidd) davasında, şirkətin 2012-ci ildə aldığı Instagram və 2014-cü ildə sahib olduğu WhatsApp platformalarını satması tələb olunur.
FTC, Meta-nın bazarda rəqibləri aradan qaldırmaq üçün bu platformaları strateji şəkildə aldığını iddia edir. Onların fikrincə, bu alışlar, sosial media bazarında rəqabəti boğmaq məqsədi daşıyıb və Meta-nın gücünü süni şəkildə artırıb.
Məhkəmə işində nələr yer alır?
Dava sənədlərinə əsasən, Meta-nın əsas məqsədi bazarda yüksələn potensial rəqibləri satın alaraq neytrallaşdırmaq və beləliklə də vaxt qazanmaq olub. FTC, Mark Zuckerberg-in “Satın almaq, rəqabət etməkdən daha yaxşıdır” ifadəsini Meta-nın daxili yazışmalarından sübut kimi təqdim edib.
Məhkəmə nə qədər davam edəcək?
Hakim James Boasberg-in rəhbərliyi ilə keçirilən bu məhkəmə təxminən 37 gün davam edə bilər. Əsas məsələ Meta-nın ABŞ-da sosial şəbəkə bazarında inhisar (monopoliya) yaradıb-yaratmadığı olacaq.
FTC bildirir ki, Facebook, 2012–2020-ci illərdə ABŞ-da şəxsi sosial şəbəkə istifadəsinin 80%-ni təşkil edib. Burada TikTok və YouTube kimi məzmun əsaslı platformalar fərqli kateqoriyada qiymətləndirilir və birbaşa rəqib sayılmır.
Meta-nın müdafiəsi: “Rəqabət var!”
Meta isə FTC-nin bazar tərifini dar çərçivədə müəyyən etdiyini və əsl rəqabətin nəzərə alınmadığını bildirir. Şirkət TikTok və YouTube kimi platformaları güclü rəqib sayır və istifadəçilərin və reklam verənlərin zərər görməsi ilə bağlı konkret sübutların olmadığını iddia edir. Eyni zamanda bildirir ki, bu tətbiqlərin uğuru Meta-nın etdiyi böyük investisiyalar nəticəsində baş verib.
Satış qərarı çıxsa nə baş verəcək?
Əgər məhkəmə Meta-nın əleyhinə qərar verərsə:
- Instagram və WhatsApp-ın satışını həyata keçirəcək müstəqil nümayəndə (qəyyum) təyin oluna bilər.
- Meta-nın yeni rəqib platforma yaratması müvəqqəti dayandırıla bilər.
- FTC-nin tələb etdiyi tədbirlər təkcə satışla məhdudlaşmaya, həmçinin məlumat paylaşımı və texnoloji məhdudiyyətləri də əhatə edə bilər.
Amma məhkəmə başa çatdıqdan sonra gözlənilən apellyasiya prosesləri səbəbindən yekun qərarın illərlə uzana biləcəyi gözlənilir.
Proses necə başlamışdı?
FTC-nin Meta-ya qarşı ilk iddiası Donald Trump dövründə irəli sürülmüşdü. İndi isə prosesi idarə edən FTC rəhbəri Andrew Ferguson da o dövrdə təyin olunmuşdu. Hər nə qədər bəzi dairələr uzlaşma ehtimalını dilə gətirsə də, indiyə qədər heç bir razılaşma əldə olunmayıb.
Demokrat Komissiya üzvü Rohit Chopra bu məsələyə münasibət bildirərək deyib:
“Əlimizdə kifayət qədər əsas var idi. Bu məsələ ucuz bir razılaşma ilə bağlanmamalıdır.”